Xəbərlər
27.02.2023 - 11:00
26 FEVRAL – XOCALI SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “26 Fevral – Xocalı soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilib.
İnstitutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Xocalı soyqırımı qurbanları və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1(bir) dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Xocalı faciəsinin erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə və insanlığa qarşı törədilən amansız bir cinayət olduğunu qeyd edib. Bildirib ki, xalqımız mənfur düşmənin vəhşiliklərini, eləcə də bu cinayətlərin iştirakçılarını unutmayıb və heç vaxt unutmayacaqdır.
Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olduğunu qeyd edən İ.Mustafayev, soyqırımı haqqında həqiqətlərin bundan sonra dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırıldığını bildirib.
Tədbirdə vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın bir çox ölkəsində uğurla həyata keçirilməkdədir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib.
Çıxışının sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmən üzərindəki əzici qələbəsindən bəhs edən İ.Mustafayev, beləliklə tarixi ədalətin bərpa edildiyini, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının qisasının alındığını, ərazi bütövlüyümüzün təmin olunduğunu bildirib.
Daha sonra çıxış edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədov Xocalı soyqırımı haqqında statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb
Tədbirin sonunda İnstitutun alimləri – Bəxtiyar Nəcəfov və Fətullah Çiçək çıxış edərək “Xocalıya ədalət!” kompaniyasının əhəmiyyətindən danışıblar, eləcə də bu soyqırımı hadisəsinin qlobal miqyasda daha geniş auditoriyaya çatdırılmasında bütün alim və mütəxəssislərin aktiv iştirak etməli olduğunu bildiriblər.