Xəbərlər
07.03.2023 - 12:53
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA 8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatının sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan  institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov mötəbər elm məbədində çalışan xanım  əməkdaşları onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, bütün dövrlərdə tutduğu mühüm mövqe ilə seçilən qadınlar hər zaman cəmiyyətin ən dəyərli nümayəndələri kimi qiymətləndirilib. Xüsusən də Azərbaycan qadını həmişə öz iradəsi, mərdliyi, sədaqəti, ailəyə, vətənə bağlılığı ilə seçiliblər. Azərbaycan qadınlarının elm sahəsində əldə etdiyi nailiyyətlərdən, bütövlükdə elmdə gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan danışıb. Ölkəmizdə dövlət qadın siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən professor Misir Mərdanov bildirib ki, ulu öndər Azərbaycan qadınının cəmiyyətdə layiqli mövqe tutmasını, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edib və  həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bildirib ki, Azərbaycan cəmiyyətində qadının yeri daim uca tutulmuş, ən ali hörmətə, dəyərlərə layiq görülmüşdür. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar.

Tədbirdə iştirak edən, Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti Sənubər İskəndərli  öncə, institutda  çalışan xanım əməkdaşları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, onlara gələcək işlərində uğurlar və ailə xoşbəxtliyi arzulayıb. Qeyd edib ki, Azərbaycan qadını hər zaman sədaqətliliyin və gözəlliyin rəmzi olmuş, əsrlər boyu öz mübarizliyi, fədakarlığı və müdrikliyi ilə seçilib. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Aktrisa, qadınlara öz ürək sözlərinin çatdırarq, onlara cəmiyyətdə, ailədə, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunması yolunda müvəffəqiyyətlər arzulayıb.

Tədbirin sonunda institutun qadın əməkdaşlarına bayram münasibətilə   hədiyyələr  təqdim edilib.

Bayramınız mübarək olsun, əziz xanımlar!