Xəbərlər
07.03.2023 - 17:00
RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNDA “QADIN GÜLƏRSƏ” ADLI TƏDBİR KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə “Qadın gülərsə” adlı tədbir keçirilib.

İnstitutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Azərbaycan qadınının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan danışıb, tariximizdə önəmli xidmətləri olan qadın simalar haqqında tədbir iştirakçılarına məlumat verib.

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə İnstitutun qadın əməkdaşlarını təbrik edən İ.Mustafayev onların elmi-ictimai fəaliyyətinə də toxunub, həmçinin onları beynəlxalq əməkdaşlıq əlaqələrində yaxından iştirak etməyə və Azərbaycan elminin təbliğində daha aktiv olmağa çağırıb.

Sonra çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Azərbaycanda gənclər siyasəti və Ümummilli Lider Heydər Əliyevin ölkə qadınlarına verdiyi dəyərdən bəhs edib. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində gənclərin rolundan danışan R.Mehdiyeva Vətənə sevginin dönməz olduğunu, milli ideoloji xüsusiyyətlərə bağlılığın və xalqa sadiqliyin önəmli olduğunu bildirib.

Tədbirdə daha sonra çıxış edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Quliyeva və böyük lobarant Kimyaxanım Baxışova qadın əməkdaşları bu gün münasibətilə təbrik ediblər, elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda İnstitutun Həmkarlar Təşkilatının sədri f.ü.f.d, dosent Əminə Mikayılova qadınları təbrik edərək bayram hədiyyələrini xanım əməkdaşlara təqdim etdi.