Xəbərlər
12.04.2023 - 10:00
AMEA-DA AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 100 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR TİBBİ AKSİYA- ƏMƏKDAŞLARIN ÖDƏNİŞSİZ TİBBİ MÜAYİNƏSI KEÇİRİLMİŞDİR

Görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının təşkilatçılığı və AMEA-nın rəhbərliyinin dəstəyi ilə 7 aprel tarixində AMEA-nın Əsas binasının tibb məntəqəsində, 10 - 12 aprel tarixlərində isə AMEA Mərkəzi Elmi Kitabxanasında “FOCUS optika MMC”tibb şirkətinin həkimləri akademiya əməkdaşlarının ödənişsiz göz müayinəsini həyata keçirilmişdirlər.
Tədbirin əvvəlində AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov Akademiya əməkdaşlarının göz müayinəsini keçirmək üçün dəvət edilmiş oftalmoloq və mütəxəssisləri salamlayıb işlərində uğurlar arzuladı. Professor Habil Qurbanov bildirdi ki, akademik Zərifə Əliyeva mənalı ömrünün böyük hissəsini insanların sağlamlığının, gözlərinin nurunun qorunmasına və bir çox digər humanist fəaliyyətlərə həsr etmişdir. Bu baxımdan tədbirin məhz 7 aprel Ümumdünya Sağlamlıq gününə təyin edilməsi də təsadüfi deyil. Akademik Zərifə Əliyeva öz ixtisasının görkəmli mütəxəssisi olmaqla bərabər, dünyaca məşhur oftalmoloq alim idi. Onun elmi fəaliyyətləri dünya oftalmologiya elminin zənginləşməsinə xidmət edib və bugün də öz əhəmiyyətini saxlamaqdadır.
Professor Habil Qurbanov qeyd etdi ki, AMEA əməkdaşlarının böyük bir qismini əhatə edən bu ödənişsiz tibbi müayinələr Respublikamızda cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla həyata keçirilən sosial yönümlü dövlət siyasətinin bir təzahürüdür. AMEA Azad Həmkarlar İttifaqı bundan öncə də əməkdaşların yüksək səviyyəli ödənişsiz tibbi müayinələrini təşkil etmişdir. Bu cür sosial aksiyaların bundan sonra da təşkil edilməsi nəzərdə tutulur.
Müayinə üçün müraciət edən Akademiya əməkdaşları bu aksiyanın əhəmiyyətindən razılıqlarını ifadə etdilər. Bildirildi ki, obyektiv səbəblərdən Akademiya əməkdaşlarının məhz göz müayinələrinə ehtiyacları daha çoxdur. Ödənişsiz tibbi aksiya çərçivəsində Akademiyaya məhz oftalmoloji heyətin dəvət edilməsi bütün əməkdaşların ürəyincə oldu. Tibbi heyətin üzvləri isə bildirdilər ki, akademik Zərifə Əliyeva onlar üçün böyük alim, görkəmli həkim olmaqla bərabər, həm də nümunəvi ziyalı-şəxsiyyətdir. Bu baxımdan akademik Zərifə Əliyevanın yubileyi ilə bağlı aksiyada iştirak etmək onlar üçün bir peşə borcudur.
Sonra işinə başlayan oftalmoloq və mütəxəssislərdən ibarət tibbi heyət dörd gün ərzində yüzlərlə Akademiya əməkdaşının göz müayinəsini həyata keçirdi və tibbi məsləhətlər verərək reseptlər yazdılar. Müayinələrin rahat, əlverişli şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı. AMEA Azad Həmkarlar İttifaqının məsul əməkdaşları aksiyanı ilk andan sona qədər nəzarət və diqqət mərkəzində saxladılar. Tibbi müayinənin yüksək səviyyədə təşkili və keçirilməsindən razı qalan Akademiya əməkdaşları müayinəni keçirən tibbi heyətə və AMEA Azad Həmkarlar İttifaqının əməkdaşlarına dərin təşəkkürlərini bildirdilər.