Xəbərlər
05.05.2023 - 13:55
MEK-DƏ PROFESSOR ARİF QULİYEVİN “MİLLƏTİN ATASI” (ОТЕЦ НАЦИИ) KİTABININ TƏQDİMATI BAŞ TUTUB

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə (MEK) “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor Arif Quliyevin “Millətin atası” (Отец нации) kitabının təqdimatı baş tutub.

Təqdimatda elm xadimləri, millət vəkilləri, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq qeyd edib ki, bütün mənalı ömrünü xalqına həsr etmiş, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti ilə Azərbaycan xalqının tarixində dərin izlər buraxaraq əsl dövlət idarəçilik məktəbinə çevrilən Ulu Öndərin irsinə həsr olunmuş yeni əsərlər, kitablar və monoqrafiyalar nəşr olunur. Diqqətə çatdırıb ki, təqdimatı keçirilən “Millətin atası” (Отец нации) kitabı da məhz müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini əks etdirir.

Çıxışı zamanı professor Məmməd Əliyev bu kitabı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə müəllifin şəxsi töhfəsi kimi qiymətləndirib. Həmçinin kitabxananın fondlarının belə nəşrlərlə zənginləşməsinin istifadəçilər üçün faydalı olacağını ifadə edib.

AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov çıxış edərək təqdimatı keçirilən kitabı müəllifin uzun illər zəhmətinin bəhrəsi olduğunu vurğulayıb. Akademik Arif Həşimov bildirib ki, Ulu Öndər haqqında çoxsaylı dəyərli nəşrlər yazılıb və yazılmaqda davam edəcək, Ümummilli Lider Heydər Əliyevin irsi daim öyrəniləcək və gələcək nəsillərə ötürüləcək. Ukraynada gedən siyasi proseslər zamanında belə bir kitab yazmağın heç də asan olmadığı vurğulayan akademik Arif Həşimov bu baxımdan da müəllifin zəhmətini yüksək qiymətləndirib.  

AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov çıxış edərək kitabın müəllifi, professor Arif Quliyevlə uzun illər tanış olduğunu, onun görkəmli alim kimi gördüyü işlərdən danışdı. Sonra Ulu öndər H.Əliyev haqqında təqtimatı keçirilən “Millətin atası” adlı kitab barəsində öz gözəl fikirləri söylədi və kitabın müəllifinin bu işini yüksək qiymətləndirdi.

Daha sonra nəşrin müəllifi professor Arif Quliyev çıxış edərək kitabın ərsəyə gəlməsi istiqamətində gərgin zəhmətindən danışıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Bildirilib ki, Heydər Əliyev Ukrayna və Azərbaycan arasında strateji partnyorluğun inkişafına böyük diqqət yetirərək həmişə Ukraynanın sabit dostu olmuşdur. Müəllif Heydər Əliyevlə şəxsən bir neçə dəfə görüşməsi barədə xatirələrini bölüşüb və monoqrafiyada xüsusi yer ayırdığını diqqətə çatdırıb. Bildirilib ki, Ulu Öndəri “Hakimiyyət ustası”, “Böyük vətəndaş”, “Əsrin adamı” adlandıraraq bu məsələlərə ayrı-ayrı fəsillər həsr edib. Müəllif, həmçinin kitabın təqdimatında göstərdiyi dəstəyə görə MEK-in rəhbərliyinə təşəkkürünü bildirib.

AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı öz növbəsində xarici dillərdə yazılaraq işıq üzü görən kitabların əhəmiyyətini vurğulayıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli kitabın işıq üzü görməsi münasibətilə Arif Quliyevi bir daha təbrik edərək Ukraynada çalışdığı müddət ərzində müəlliflə sıx əməkdaşlıq əlaqələrindən danışıb, xaricdə yaşayan azərbaycanlı ziyalıların ölkəmizin həqiqətlərini dünyaya çatdırılmasındakı öhdəliklərini qeyd edib. Çıxışı zamanı Eynulla Mədətli onu da vurğulayıb ki, hakimiyyətdə olduğu illərdə AMEA-ya xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndərin fəaliyyətinə həsr olunmuş kitabın təqdimatının məhz Mərkəzi Elmi Kitabxanada keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Daha sona millət vəkili Fatma Yıldırım vaxtilə Ulu Öndərin, bu gün də dövlət rəhbərimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində fəxrlə azərbaycanlı olduğumuzu hər yerdə vurğuladığını qeyd edib.

Millət vəkili Vüqar İskəndərov Ukrayna və Azərbaycan arasında strateji partnyorluğun inkişafına toxunub və orada yaşayan azərbaycanlı alimlər, tədqiqatçılar tərəfindən ərsəyə gətirilən hər bir nəşrin ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Ulu Öndəri hər gün ucalan zirvə adlandırıb. Bildirilib ki, Heydər Əliyev böyüklüyü və ucalığı tam dəqiqliklə araşdırılmalı, dərindən öyrənilməlidir.

Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov çıxışında professor Arif Quliyevin diplomatiyaya, beynəlxalq münasibətlərə dair əhəmiyyətli yazıların, monoqrafiyaların müəllifi olduğunu bildirib.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkilib.