Xəbərlər
06.07.2023 - 10:36
“GƏNCLİYİMİZ GƏLƏCƏYİMİZDİR” ADLI RESPUBLİKA YARADICILIQ MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB

İyulun 5-də AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər İdman İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Gəncliyimiz gələcəyimizdir” adlı rəsm və əl işlərindən ibarət  respublika yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqənin təşkil edilməsində məqsəd Ulu Öndər Heydər Əliyev irsinin təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanması, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni-tarixi irsinin daha dərindən mənimsənilməsi, eləcə də Vətən müharibəsində ordumuzun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə cəmiyyətə çatdırmaq olub.

Tədbirdə könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak ediblər. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.

Müsabiqədən öncə rəsm əsərlərinə və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Mərdəkan Mədəniyyət Sarayında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov müsabiqə haqqında məlumat verərək bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqənin əsas məqsədi təməli Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əsasında geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.

Akademik Arif Həşimov gənclərin inkişafında, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayan belə müsabiqələrin təşkilinin ənənəyə çevrilməsini müsbət hal kimi dəyərləndirib. O, sərgidə nümayiş olunan əsərlərin gələcəkdə Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacağına inamını ifadə edib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik  İradə Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdığını və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu bildirib. O, ölkəmizdə gənclərimizlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu vurğulayıb.

Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını deyən akademik İradə Hüseynova bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilib, tarixi Qələbə əldə olunub. Vitse-prezident hazırda işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində geniş miqyaslı quruculuq, bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini vurğulayıb.

Akademik  İradə Hüseynova artıq üçüncü dəfədir keçirilən yaradıcılıq müsabiqəsinin əsas təşəbbüskarının mərhum alim, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov olduğunu diqqətə çatdırıb. O, sərgidə təqdim olunan əsərlərin Ümummilli Lider Heydər Əliyevə, Azərbaycanın müstəqillik tarixinə, şanlı qələbəmizə, eləcə də qələbənin əldə olunmasında qəhrəmanlıqları, misilsiz xidmətləri ilə yaddaşlara həkk olunmuş şəhidlərimizə və qazilərimizə həsr olunduğunu söyləyib. Alim növbəti yaradıcılıq müsabiqəsinin işğaldan azad edilmiş ərazilərimizə, həmin ərazilərdə Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakətlərə, Azərbaycanın şanlı tarixinə həsr olunmasını məqsədəuyğun hesab edib.

Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor  Habil Qurbanov  gənclərin intellektual səviyyələrini inkişaf etdirmək üçün belə müsabiqələrin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, sərgidə insanlarımıza və təbiətimizə qarşı erməni cəlladlarının həyata keçirdikləri cinayətləri, hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa döyüşlərini, şəhid və qazilərimizə aid rəsm əsərlərini diqqətlə izlədiyini söyləyib.  O, müsabiqə formatında uşaq və gənclərin inkişafının təşviqi, ekoloji mədəniyyətin formalaşdırılmasında yaradıcılığa cəlb edilməsi, onlarda Vətənə, elmə, təbiətə maraq yaratmaqla, belə tədbirlərin təşkilinin sevindirici hal olduğunu vurğulayaraq tədbirin təsisçisi AMEA nın müxbir üzvü Tofiq Məmmədovu xatırlayıb.

Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar  Əliyev, Xəzər Rayon Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyli, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, Botanka İnstitutunun baş direktoru, professor Səyyarə  İbadullayeva çıxış edərək sərgidə nümayiş olunan əsərlərin məzmun və xaraktercə düzgün seçildiyini, balaca rəssamların Ulu Öndərin əziz xatirəsinə  hədsiz hörmət və ehtiramının hər bir əsərdə ifadə olunduğunu vurğulayıblar.

Daha sonra məktəblilərin hazırladıqları şeir və rəqs nömrələrindən ibarət kompozisiyalar təqdim olunub.

Sonda müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. İlk üç yerin qalibi diplom və pul mükafatı, digər iştirakçılar isə Fəxri  fərman və təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, “Gəncliyimiz gələcəyimizdir” adlı yaradıcılıq müsabiqəsinə Bakı, Gəncə, Qazax, Şəki, Qax, Xaçmaz və Lənkəranda yerləşən orta təhsil müəssisələri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından ümumilikdə  300-dək rəsm və əl işləri təqdim olunub.