Xəbərlər
15.09.2023 - 11:05
UNİVERSİTETLƏRƏ QƏBULDA UĞUR QAZANANLARLA AMEA GƏNCƏ BÖLMƏSİNİN HƏMKARLAR TƏŞKİLATI ARASINDA GÖRÜŞ KEÇİRİLİB

AMEA Gəncə Bölməsində Həmkarlar Təşkilatının təşkilatçılığı ilə   2023-2024-cü tədris ilində övlad və nəvələri  tələbə və magistrant adını qazanmış, eləcə də özləri magistraturaya qəbul olunmuş əməkdaşlar ilə  təbrik görüşü keçirilib. Görüşdə yeni tələbələrdən də iştirak edənlər olub.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bu sevinc ovqatlı görüşün Gəncənin başlıca elm ocağında hər il, universitetlərə qəbul prosesinin yekunlarından sonra keçirilməsinin xoş bir ənənə halını aldığını qeyd edərək, tələbə və magistr adına sahib olmuş gəncləri və onların yaxınlarını təbrik edib. O, ölkəmizin daha işıqlı gələcəyinin bacarıqlı, savadlı və intellektual gəncliklə bağlı olduğunu və yetişməkdə olan nəslin bu yüksək hədəflərə çatması üçün ölkə rəhbərliyi tərəfindən onlara hər cür şərait yaradıldığını vurğulayıb.

Akademik Fuad Əliyev həmçinin ali təhsil pilləsinə qədəm qoymuş gəncləri gələcəkdə elmi tədqiqtlar sahəsində özlərini sınamağa da çağırıb.

Sonra AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri  Nailə Hacıyeva 2023-2024-cü tədris ilində magistraturaya daxil olan, həmçinin övlad və nəvələri tələbə adı qazanmış əməkdaşların, eləcə də necə deyərlər, onları sevindirmiş səbəbkar gənclərin siyahısını səsləndirib. Həmkarlar Təşkilatının sədri təşkilat adından onları təbrik edib və pul mükafatı ilə mükafatlandırılıb.

AMEA Gəncə Bölməsinin əməkdaşlarından Kəlimət Abdullayeva Azərbaycan Dövlət Aqrar Universitetinin,  Aytən İsmayılova isə Azərbaycan Texnologiya Universitetinin magistraturasına daxil olmuşlar.

Bölmənin əməkdaşlarının övlad və nəvələrindən:  İlahə xanım Cəfərovanın oğlu Cavadxan Cəfərli Azərbaycan Dövlət Aqrar  Universitetinin,  Aygün xanım Babayevanın qızı Şəms İmanzadə Odlar Yurdu Universitetinin,  Akif  Bağırovun oğlu Ömər Bağırov Bakı Dövlət Universitetinin magistraturasına daxil olublar.

Həmçinin Əlimuxtar Muxtarovun oğlu Orxan Muxtarov Azərbaycan Tibb Universitetinə, Vüsalə xanım Hüseynovanın oğlu Nicat Sultanov Türkiyənin Osman Qazi Universitetinə, İlahə xanım Zeynalovanın qızı Roza Zeynalzadə Azərbaycan Dövlət Aqrar Universitetinə, Pərvanə xanım Quliyevanın oğlu Məhyəddin Quliyev Azərbaycan Dövlət Aqrar Universitetinə, Səfayət xanım Babayevanın nəvəsi Səfavət Qasımova Naxçıvan Dövlət Universitetinə, Elmira xanım Şirinovanın nəvəsi Asif Nəcəfov İqtisad Universitetinə, Mehriban Məmmədovanın nəvəsi Ceyhun Məmmədov Gəncə Dövlət Universitetinə daxil olaraq, tələbə həyatına qədəm qoyublar.

Görüşdə çıxış edənlər  bir daha uğur qazanmış gəncləri təbrik edib, onlara öz ürək sözlərini çatdırıblar.