Xəbərlər
27.09.2023 - 14:37
RSXM-DƏ ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRILİB

Sentyabrın 27-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının Zəfər qələbəsi ilə başa çatsa da, bəzi xarici qüvvələrin təhriki ilə erməni revanşistlərinin yenidən Qarabağda baş qaldırmaq cəhdlərinə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu bir gündə nöqtə qoydu. “Sözsüz ki, heç bir müharibə qansız, şəhidlərsiz bitmir. Biz həm 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı, eləcə də bu günlərdə aparılan antiterror əməliyyatları zamanı da şəhidlərimiz oldu. Biz torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasına, bu qələbəyə görə, Ali Baş Komandanımıza, əsgərlərimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq” – deyən baş direktor ermənilərin işğal dövründə Xocalıda və başqa şəhərlərimizdə törətdikləri vəhşilikləri, qeyri-insani davranışlarını da xatırladıb.

Qeyd edək ki, tədbirdən sonra RSXM-nin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə mərkəz əməkdaşları II Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət ediblər.