Xəbərlər
24.10.2023 - 19:00
“CAVİDŞÜNASLIQ” ELMI ARAŞDIRMALAR TOPLUSUNUN YENİ CİLDLƏRİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

24 oktyabr 2023-cü il tarixdə böyük Azərbaycan şairi, dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin anadan olmasının 141-ci ildönümü münasibətlə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Hüseyn Cavidin Ev Muzeyində keçirilən geniş tədbirlər çərçivəsində muzeyin ərsəyə gətirdiyi “Cavidşünaslıq” çoxcildliyinin 31 və 32-ci cildlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, fil.e.d. Gülbəniz Babaxanlı, muzeyin Cavidşünaslıq şöbəsinin müdiri fil.e.d., prof. Gülşən Əliyeva-Kəngərli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi fil.e.d. Lütviyyə Əsgərzadə çıxış ediblər.

Türkiyə, Qazaxıstan, Macarıstan, Polşa və Rusiyadan olan mətnşünas alimlərin, Bakıda fəaliyyət göstərən ev muzeylərinin rəhbərlərinin və görkəmli cavidşünasların iştirak etdiyi bu təqdimat mərasimini giriş sözü ilə çoxcildliyin elmi məsləhətçisi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. O, çıxışında “Cavidşünaslıq” araşdırmalar toplusunu cavidşünaslığın salnaməsi, onun yaradıcılığına və şəxsiyyətinə ucaldılan abidə kimi qiymətləndirib, toplunun növbəti: 31 və 32-ci cildlərinin də çap edilib tədqiqatçıların ixtiyarına verilməsinin yüksək əməyin nəticəsi olduğunu vurğulayıb. Alim bildirib ki, “Cavidşünaslıq” toplusu həm humanitar elmimiz üçün bir hadisə, həm də ədəbiyyatşünaslığımız tarixində ilkin fundamental nəşrdir. Çünki bu vaxta qədər nəinki ev muzeyləri arasında, hətta ölkədə konkret bir sənətkar haqqında olan materiallar bu formatda bir yerə toplanmamış, çoxcildlik halında nəşr olunmamışdır. Bu toplu və ədibin ev muzeyinin çap etdirdiyi digər nəşrlər onu göstərir ki, Hüseyn Cavidin Ev Muzeyi ölkəmizdə cavidşünaslığın əsas mərkəzidir.

Daha sonra çıxış edən akademik Teymur Kərimli “Cavidşünaslıq” araşdırmalar toplusunun H.Cavid yaradıcılığı və şəxsiyyətinin vəhdətinin mükəmməl təzahürü olduğunu bildirib. Toplunun təqdimatı keçirilən növbəti cildlərinə 2018-2019-cu illərdə ölkədə və xaricdə dövri mətbuatda işıq üzü görən cavidşünaslıq materiallarının toplandığını nəzərə çatdırıb. Alim qeyd edib ki, hər iki cilddə H.Cavid əsərlərini tədqiq edən müəlliflərin həm ədəbiyyatşünaslıq, həm də sənətşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq, fəlsəfə və s. nöqteyi-nəzərindən tədqiqini əks etdirən materiallar yer alıb. Bu baxımdan “Cavidşünaslıq” toplusunun bu cildlərini də əvvəlki cildlər kimi həm də multidissiplinar araşdırmalar toplusu olaraq xarakterizə etmək mümkündür.

Təqdimat mərasimində çıxış edən cavidşünas alimlər: fil.e.d. Gülşən Əliyeva-Kəngərli və fil.e.d. Lütviyyə Əsgərzadə də toplunun bu cildlərinin elmi əhəmiyyətindən danışıblar. Muzeyin bu istiqamətdə fəaliyyətinin təkcə Cavidşünaslığa deyil, ümumilikdə humanitar elmimizə böyük xidmət olduğunu bildiriblər.

Sonda çıxış edən təqdim olunan hər iki cildin tərtibçisi və ön söz müəllifi fil.e.d. Gülbəniz Babaxanlı əvvəlcə gələn qonaqlara öz təşəkkürünü bildirib. Daha sonra muzeyin cari ildə nəşr etdirdiyi kitablar haqqında məlumat verib. Bu il nəşr edilən altı müxtəlif adda kitabın, o cümlədən təqdimatı keçirilən “Cavidşünaslıq” toplusunun 31-32-ci cildlərinin “Heydər Əliyev İli”nə də bir hədiyyə olduğunu vurğulayıb. Bildirib ki, məhz Ümummilli liderin diqqət və qayğısı nəticəsində Azərbaycan Cavidşünaslığı indiki mərhələyə yüksələ bilib. Qeyd edib ki, toplunun bu cildləri də muzeyin digər nəşrləri kimi Hüseyn Cavid irsinin öyrənilməsi və gənclər arasında təbliği baxımından əhəmiyyətlidir. Bu cildlərə daxil edilən məqalələr müasir dövrün cavidşünasları üçün də qiymətli istinad mənbəyidir.

Təqdimat mərasiminin sonunda qonaqlar dahi şairin portreti fonunda xatirə şəkli çəkdiriblər.