Xəbərlər
19.12.2023 - 13:54
BOTANİKA İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATI ƏMƏKDAŞLAR ÜÇÜN GƏZİNTİ TƏŞKİL EDİB

 

AR ETN Botanika İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən 16 dekabr tarixində Zirə Eko Park və Zirə Gülçülüyə gəzinti təşkil olunub.

Zirə Eko Parkda yerləşən Zirə Mədəniyyət Mərkəzinin icraçı direktoru Elnur Sadıqov İnstitutun əməkdaşlarını qarşılayıb və Mərkəzin fəaliyyəti ilə onları məlumatlandırıb. E.Sadıqov girişdə yer alan Ümummilli Lider Heydər Əliyevin büstü, Xəzər rayonunda məkanların açılışını əks etdirən foto sərgi və 44 günlük Qarabağ müharibəsi şəhidlərinin foto stendi haqqında ətraflı məlumat verib, büstün önündə xatirə şəkili çəkilib.

Əməkdaşlar Mərkəzdə qalereya (yaşıllıq ərazi), fotostudiya, art-studiya, elektron kitabxana, IDEA resurs mərkəzi, şahmat otağı, moda studiya, Zirə xalça muzeyi və Xalçaçılıq tədris mərkəzi ilə yaxından tanış olub və ən son texnologiya ilə təchiz olunan kinozalda  Zirə kəndi haqqında qısa videoçarxı izləyib. Xalça Muzeyində 1903-cü ilə aid Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirildikdən sonra tərtib edilmiş topoqrafik xəritəsi və müxtəlif regionların xalça ornamentlərinin nümunələri nümayiş edilib. Çıxışda AR ETN Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva mərkəzin xatirə dəftərinə qeydlərini yazıb. Həmçinin Eko Parkın ərazisində yerləşən Quş parkında ekzotik quşlar marağa səbəb olub.

Gəzinti zamanı əməkdaşlar “Zirə Gülçük”də də olublar. Burada həm yerli mühit üçün ənənəvi olan çiçək bitkiləri, həm də xaricdən gətirilən və region üçün nadir olan müxtəlif bitkilərin yetişdirilmə şəraiti ilə maraqlanıblar. Müxtəlif dekorativ və meyvə ağacları, ev və çöl, tropik və ekzotik, yarpaqlı və çiçəkli bitki növləri ilə yaxından tanış olublar.  Gəzinti ziyafət yeməyi ilə başa çatıb.

Əməkdaşlar yüksək təşkilatçılığa görə Botanika İnstitutunun Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. Şəkər Muxtarovaya öz təşəkkürlərini bildiriblər.