Xəbərlər
19.01.2024 - 14:21
RSXM-DƏ 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Yanvarın 19-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 20 Yanvar faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu deyib. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın bir çox faciələr yaşadığını qeyd edən baş direktor bu faciələrin heç vaxt unudulmayacağını deyib. 20 Yanvar qırğını zamanı sovet qoşunlarının Bakıda günahsız insanları qətlə yetirdiyini, tankların şəhər küçələrində insanların üzərinə sürüldüyünü deyən baş direktor faciə zamanı Azərbaycanda gedən proseslərdən də danışıb. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin Qarabağda separatçılıq meylləri baş qaldırmışdı. Keçmiş sovet rəhbərliyi də bu işdə ermənilərə dəstək verirdi. Bakıda 20 Yanvar faciəsinin törədilməsində əsas məqsəd Azərbaycan xalqının iradəsini sındırmaq idi. “Sovet rəhbərliyinin birbaşa göstərişi ilə sovet qoşunlarının Bakıda törətdiyi qanlı qırğınlar Azərbaycan xalqının iradəsini qıra bilmədi. Çünki bizim xalqımız iradəli və məğrur xalqdır”.

Professor Qurban Yetirmişli 20 Yanvar faciəsinin dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin roluna da toxunub. Onun sözlərinə görə, 20 Yanvar faciəsinin törədilməsinə etiraz olaraq Ulu Öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək faciəyə görə o vaxtkı Sovet İttifaqına rəhbərlik edən şəxslərin məsuliyyət daşıdığını bütün dünyaya bəyan etməsi çox böyük və riskli addım idi. Çünki hələ sovet quruluşu qalırdı. Bununla belə Ulu Öndər bütün riskləri gözə alaraq öz xalqının haqq səsini bütün dünyaya çatdırdı.   

20 Yanvar faciəsinə Azərbaycan Milli Məclisi tərəfindən siyasi qiymət verilməsinin də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verdiyini qeyd edən professor Qurban Yetirmişli çıxışı zamanı Azərbaycan rəhbərliyi tərəfindən hər zaman torpaqlarımızın azadlığı və müstəqilliyimiz uğrunda həlak olan şəhidlərimizə və onların yaxınlarına həssas yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirildiyini deyib.

Bütün törədilən qırğınlara, torpaqlarımızın 30 ildən çox işğalda qalmasına baxmayaraq Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdiyini, ötən ilin sentyabr ayında 23 saatlıq antiterror əməliyyatından sonra isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini qeyd edən baş direktor “Bu gün biz yaşadığımız bu qələbəyə və zəfərə görə Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyevə, Azərbaycan ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı versin! Ordumuz tərəfindən bütün şəhidlərimizin qisası alındı. Bu gün bizim işğaldan azad olunmuş ərazilərimizdə geniş əhatəli abadlıq-quruculuq işləri aparılır. Kəndlərimiz, şəhərlərimiz yenidən inşa olunur. Vaxtilə məcburi köçkün düşmüş vətəndaşlarımızın öz yurd-yuvalarına dönməsi üçün “Böyük Qayıdış” başlayıb” - deyərək xalqımızın başına gətirilən faciələrin heç vaxt unudulmayacağını və qan yaddaşımızda qalacağını bildirib.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayiş etdirilməsi ilə başa çatıb.