Xəbərlər
26.02.2024 - 12:58
RSXM-DƏ XOCALI FACİƏSİNİN QURBANLARI ANILIB

Fevralın 26-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RSXM-nin baş direktorunun müavinləri, müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları, eləcə də AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.

Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktorunun Ümumi işlər üzrə müavini Ramiz İskəndərov bildirib ki, Xocalı faciəsi iyirminci əsrdə insanlığa qarşı törədilmiş ən böyük faciələrdən biridir. Bu faciə zamanı ermənilərin uşaq, qadın, yaşlı insan demədən bütün azərbaycanlılara qarşı vəhşilik etdiklərini, insanları işgəncə və amansızlıqla qətlə yetirdiklərini bildirən R.İskəndərov deyib ki, ermənilərin törətdiyi bu qətliam dünyanın gözü qarşısında baş versə də, Azərbaycana dost olan bir neçə ölkə istisna olmaqla, bu gün ermənilərə havadarlıq edən ölkələr bu faciəyə indiyə qədər münasibət bildirməyiblər.  Xocalı faciəsinin tanıdılması və ona qiymət verilməsi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən uzun illərdən bəridir ki, dünya ölkələrində davamlı olaraq aksiyalar həyata keçirildiyini bildirən baş direktorun müavini çıxışı zamanı Xocalının azad olunmasına da toxunub. “Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi. Bu gün digər şəhərlərimiz kimi Xocalı şəhəri də azaddır və orada yenidən həyat qaynamağa başlayıb” - deyən Ramiz İskəndərov bu gün Xocalı şəhidlərinin ruhunun şad olduğunu deyərək, onlara Allahdan rəhmət diləyib.

RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev isə çıxışında Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində aparılan işlərdən, 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında aparılan 23 saatlıq antiterror əməliyyatlarından danışaraq, bu gün təkcə Xocalının deyil, ermənilərin heç bir insanlığa sığmayan vəhşilik törətdiyi digər ərazilərimizin də öz azadlığına qovuşduğunu qeyd edib. “Biz bu gün həm Xocalı şəhidlərinin, torpaq uğurunda canından keçən bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik. Əminik ki, bu gün onların ruhu şaddır”.

Daha sonra RSXM-nin Elektron xidmətlər şöbəsi tərəfindən Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş film təqdim edilib.