Xəbərlər
01.03.2024 - 13:15
RSXM-DƏ ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində mərkəzin Həmkarlar Təşkilatının dəstəyi ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən RSXM-nin Həmkarlar Təşkilatının sədri, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev bildirib ki, Mülki Müdafiə tədbirlərinin keçirilməsi hər bir ölkə, hər bir qurum üçün vacibdir.  RSXM-də də bu sahədə davamlı olaraq tədbirlər keçirildiyini qeyd edən E.Qaravəliyev Mülki Müdafiənin təşkili sahəsində aparılan maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

İclasda RSXM-nin Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nün yaranması və tarixi haqqında məlumat verib. A.Rzayev bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv olan ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən həmin beynəlxalq təşkilatın üzvüdür. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durduğunu deyən Azad Rzayev mülki müdafiə ilə bağlı tədbirlərin əhəmiyyətini qeyd edib və bu mövzuda maarifləndirmənin zəruriliyini vurğulayıb.

Daha sonra AMEA Rəyasət Heyətinin Mülki Müdafiə şöbəsinin rəis müavini Hikmət Babayev son illər dünyada yeni texnologiyaların yaranmasının bütün sahələrə təsirinin olduğunu qeyd edərək Mülki Müdafiənin  təşkili sahəsində aparılan maarifləndirmə işlərindən danışıb.

Tədbir Mülki Müdafiə təlimlərinə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.