Xəbərlər
14.03.2024 - 18:29
AMEA-NIN ALİMLƏRİ NİZAMİ GƏNCƏVİNİN VƏFAT GÜNÜNƏ HƏSR OLUNMUŞ KONFRANSA QATILIBLAR

12 mart 2024-cü il tarixdə Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi, Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycandan dünyaya doğan əql günəşi ulu Nizami Gəncəvinin anım günü ilə əlaqədar olaraq

"Nə qədər şair var, söz var şeir var

 Dünyada onlardan mənəm yadigar" adlı elmi - bədii konfrans keçirilmişdir. Öncə Gəncə şəhərində ulu Nizaminin məqbərəsi ziyarət olunmuş, qəbri üzərinə tər çiçəklər düzülmüşdür. Daha sonra Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən "Könüllü teatr" ın könüllüləri Nizami Gəncəvinin "Xəmsə" sində öz əksini tapmış obrazlardan yeddi gözəl əllərində içərisində Nizami Gəncəvinin hikmətli sözləri olan açıqcalarla qonaqları qarşılamışlar. Daha sonra ekspozisiya zalında şairin yaradıcılığından hazırlanmış nadir əl işləri olan keramika, zərb etmə nümunələri həmçinin Gəncə şəhərində Nizami Gəncəvi ünvanlı abidələrdən ibarət foto sərgiyə baxış keçirilmişdir. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra tədbiri Samux rayonun Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açaraq iştirakçıları salamlamış ulu Nizami Gəncəvinin söz xəzinəsindən qaynaqlanan konfransın əhəmiyyətini diqqətə çatdırmışdır. Çıxış üçün söz siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun alimi Sənan Həsənova verilmişdir. S.Həsənov dahi Nizami Gəncəvinin  irsinin öyrənməsi istiqamətində ölkəmizdə elmi məktəblərin rolundan danışmış,  son illər AMEA-da Nizamişünaslığın geniş tədqiqat obyektinə çevrildiyini və AMEA rəhbərliyinin bu sahəyə xüsusi diqqətini qeyd etmişdir. Bu zəngin irsin öyrənməsində Heydər Əliyev Mərkəzləri ilə əməkdaşlığın rolu diqqətə çatdırılmışdır.

 2023-cü ildə AMEA-da çap olunmuş elmi əsərlərin hesabatlarından ibarət kitablar mərkəzə təqdim edilmişdir. Daha sonra Azərbaycan Milli Elmler Akademiyası A.A.Bakixanov adına Tarix və Etnologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru İlham Həsənov çıxış edərək tədbiri Nizami Gəncəvi irsinin  təbliğində mühüm addım adlandırmış və bu istiqamətdə təhlillər aparmışdı. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Nizami Gəncəvi  dühasının elmi mahiyyətini, onun təfəkkür sistemindəki humanizm, bəşərilik, ədalət amillərinin elmi təhlilini önə çəkmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Nizami Gəncəvi yaradıcılığının milli mentaletimizə əvəzsiz töhvələrini, bəşəriliklə milliliyin sintezində azərbaycanlı milli kimliyinin dərk olunmasında dahi şəxsiyyətinin əsərlərinin əhəmiyyətini geniş təhlil etmişdir. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə filialının müdiri Gülnarə İsmayılova isə öz çıxışında gənc nəslin vətənpərlik ruhunda tərbiyə olunmasında Nizami Gəncəvi  irsinin mühüm rolunu qeyd etmişdir.

 Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzində yaradılmış "Könüllü teatr" ın 4 illik fəaliyyəti müddətində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş və tamaşaçılara təqdim olunmuş səhnələrdən yığılmış videoçarx təqdim edilmişdir. Tədbirin bədii hissəsində Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş klassik musiqilərimizdən İslam Əlizadənin ifasında "Sənsiz", Hüseyn Abdullayevin ifasında "Sevgili canan", həmçinin Fuad Ramazanovun ifasında muğam səsləndirilmiş eyni zamanda İslam Əlizadə və Göygöl Dövlət rəqs ansamblının solisti Aygün Məsimovanın ifasında " Leyli və Məcnun " operasından səhnəsi canlandırılmışdır.

Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tərəfindən tamamilə parçadan hazırlanmış (14m uzunluğunda) portreti nümayiş etdirilmişdir. Ölkəmizdə və dünyada Nizami Gəncəvinin bu böyüklükdə parçadan portreti yoxdur. Portretin bu hündürlükdə hazırlanmasına səbəb ona olan sonsuz sevgini təcəssüm etdirməkdədir.

Tədbir sonunda "açıq mikrafon" ilə yekunlaşmışdır ki, açıq mikrafonda bütün tədbir iştirakçıları Nizami Gəncəvinin qəzəllərini və beşlikdə olan əsərin hər hansı bir hissəsini səsləndirmişlər.