Xəbərlər
19.03.2024 - 10:59
“İNFORMASİYA MÜHARİBƏSİNDƏ QƏLƏBƏ-MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEV” ADLI KİTABIN TƏQDİMATI OLUB

Martın 18-də Əmək və Sosial Münasibətlər Akademiyasında Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı  kitabın təqdimatı keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının (FHNİHİ) sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavinləri, AHİK-ə üzv olan bir qrup sahə həmkarlar ittifaqlarının rəhbərləri, həmçinin Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti  iştirak ediblər.

FHNİHİ-nin sədri Mehman İsmayılov çıxış edərək kitabın hazırlanması zərurətindən danışıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə informasiya məkanında gedən müharibədə böyük əzmlə, dəyanətlə mübarizə apardığın, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdığını vurğulayıb. Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Orduya və xalqa verilən mənəvi rüh yüksəkliyinin arxasında cənab Ali Baş Komandanın çıxışları dururdu: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən Müharibəsi dövründə dünyanın 11 aparıcı ölkəsinin 26 KİV-nə müsahibə verərək Ermənistanın qanunsuz silahlandırılmasını, Ermənistanda və işğal olunmuş ərazilərdə beynəlxalq terrorizm ocaqlarının fəaliyyət göstərdiyini, Azərbaycanın tarixi irsinə aid olan mədəni abidələrin erməni barbarlığı nəticəsində məhv edildiyini, hüquqi baxımdan Azərbaycana məxsus olan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı, münaqişənin sülh yolu ilə həllinə məsul olan Qərb ölkələrinin ikili yanaşmasını, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətsiz və qeyri-adekvat  mövqelərini ifşaedici dəlillərlə sübut edərək informasiya müharibəsində də Azərbaycanın qalib gəlməsini reallaşdırdı”.

Çıxışlardan sonra FHNİHİ tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film iştirakçılara nümayiş olunub.

Məlumat üçün qeyd edək ki, FHNİHİ-nin sədri Mehman İsmayılov tərəfindən 44 günlük Vətən Müharibəsi dövründə cənab Ali Baş Komandan İlham Əliyevin dünyanın aparıcı informasiya vasitələrinə verdiyi müsahibələri özündə əks etdirən “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitab üç dildə – azərbaycan, rus, ingilis dillərində hazırlanmış və Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının maliyyə vəsaiti hesabına çap olunub.

Həmçinin bu kitabla yanaşı, müsahibələrin video görüntülü səsləndirmə versiyası, azərbaycan, rus, ingilis dillərində elektron yaddaş daşıyıcısı (flash card), “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film və virtual aləmdə geniş oxucu kütləsini bu məlumatlarla daha yaxından əlaqələndirmək məqsədilə müsahibələrin azərbaycan, rus, ingilis dillərində video görüntülü səsləndirməsini və mətnləri özündə əks etdirən sayt da (www.informvictory.az, www.informvictory.az/ru/, www.informvictory.az/en/)  hazırlanıb.

Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin haqq işini dünya ictimaiyyətinə çatdırmaq, erməni qəsbkarlığını və vandalizmini bir daha dəlillərlə ifşa edərək dünyaya göstərmək, xüsusən müharibə dövründə cəbhədəki hərbi əməliyyatlarla paralel olaraq gedən informasiya müharibəsində də qalib gəlmək məqsədilə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr toplanmışdır.

Kitab siyasətçilər, dövlət məmurları, diplomatik nümayəndəliklərin əməkdaşları, həmçinin Azərbaycanı sevən hər bir vətənpərvərin oxuması üçün nəzərdə tutulub.