Xəbərlər
19.03.2024 - 13:35
AMEA AZAD HƏMKARLAR İTTİFAQI AMEA-NIN NADİR AĞACLAR PARKINDA AĞACƏKMƏ AKSİYASINDA İŞTİRAK ETMİŞDİR

Ölkə başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bundan irəli gələrək 22 yanvar 2024-cü il tarixində AMEA-nın Tədbirlər planı qəbul olunub.

Sözügedən Tədbirlər planı çərçivəsində AMEA-nın Akademiya şəhərciyində salınmış Nadir ağaclar parkında növbəti ağacəkmə aksiyası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Azad Həmkarlar İttifaqı və Gənc Alim və Mütəxəssislər Şurasının əməkdaşları iştirak ediblər.

Akademik İsa Həbibbəyli çıxış edərək əməkdaşları Novruz bayramı münasibətilə təbrik edib, AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində geniş tədbirlərin il ərzində keçiriləcəyini söyləyib.

Daha sonra Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü ağac və kol bitkiləri əkilib və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində salınmış Nadir ağaclar parkının salınmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır.