Xəbərlər
23.04.2024 - 14:46
RSXM-DƏ 28 APREL-ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində tədbir keçirilib.

Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin Həmkarlar Təşkilatının sədri, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev bildirib ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildən dünyada 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir.

Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır.

Daha sonra RSXM-nin Həmkarlar Təşkilatının üzvü Bəxtiyar Xanputov çıxış edərək, iş yerlərində əməyin mühafizəsi qaydalarının tətbiqi və bu istiqamətdə görülən işlər haqqında danışıb. O çıxışında bütün sahələrdə əməyin mühafizəsinin təşkilinin vacibliyini önə çəkərək bildirib ki, əmək sferasına mənfi təsirləri fonunda əməyin mühafizəsinin, müvafiq qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi baxımından xüsusi aktuallıq kəsb edir.

Daha sonra əməkdaşları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.