Xəbərlər
29.04.2024 - 15:30
AMEA QAFQAZŞÜNASLIQ İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATININ HESABAT-SEÇKİ İCLASI

Aprelin 29-da AMEA Qafqazşünaslıq İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. İclası institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Həmçinin iclasda AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və institut əməkdaşları iştirak ediblər.

İclasın sədri institutunun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova İnstitutunun Həmkarlar Təşkilatının fəaliyyətinin əməkdaşların əmək hüquqlarının müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. 

İclasda Qafqazşünaslıq İnstitutu Həmkarlar Təşkilatının fəaliyyətinin hesabatı dinlənilib. Sədr Yeganə Baxşıyevanın təqdim etdiyi hesabat qənaətbəxş hesab olunub. İnstitutun Həmkarlar Təşkilatının Təftiş komissiyasının sədri Günel Qurbanovanın maliyyə fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Hesabat ətrafında Şimali Qafqaz şöbəsinin müdiri f.ü.f.d., dosent Vahid Ömərov çıxış edib. Sonra açıq səsvermə yolu ilə Qafqazşünaslıq İnstitutu Həmkarlar Təşkilatına yeni sədr və komitə üzvləri seçilib. Yeganə Baxşıyeva yenidən Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yekdilliklə seçiliblər.

Sonda AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək institut əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.