Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı Sərəncamının icrasına əsasən 25 iyun 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər" mövzusunda görüş-tədbir təşkil edilib. Fəxri qonaq qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin əməkdaşı Tahir Səfərli, Şuşa döyüşlərində iştirak edən Pərviz Zeynalov və Emin Qəribli iştirak ediblər. Tədbiri açan Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov qonaqları və tədbir iştitakçılarını salamlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib. Şuşanın azadlığı uğrunda mübarizəni əks etdirən videoçarx nümayiş etdirilib. Sonra söz Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənova verilib. Məruzəçi çıxışında tədbirin adı ilə bağlı məsələyə toxunub, Şuşa, ümumilikdə Qarabağ haqqında erməni miflərinin dağıdılaraq həqiqətlərin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi gedişlərinin, eləcə də xalqın qələbə əzminin, ordumuzun qüdrətinin vəhdət təşkil etdiyini vurğulayıb. Daha sonra söz Tahir Səfərliyə verilib. O, öncə dəvət üçün Şəki REM-in rəhbərliyinə minnəttarlığını bildirib, sonra istər I, istərsə də II Qarabağ müharibəsində Vətənimizin azadlığı və bütövlüyü uğrunda mübarizədə Şəki gənclərinin yüksək vətənpərvərlik hissinə malik olmasından danışıb. Statistik rəqəmlərə nəzər salsaq, bunu açıq şəkildə görə biləcəyimizi vurğulayıb. Müharibədə iştirak edənlərə, qazilərə Allahdan cansağlığı və şəfa diləyib, şəhid olanlara rəhmət, ailələrinə səbr arzulayıb. Tədbirdə, həmçinin Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min. ü.f.d. Hüseyn Mustafabəyli, Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova da çıxış edərək, 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə ordumuzu təbrik edib, xalqımıza daim sülh və əmin-amanlıq diləyiblər. Sonda Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov qonaqlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirib, qonaqlara Fəxri fərmanlar təqdim edilib. Qonaqlar çay süfrəsi ətrafında xatirələrini bölüşüblər.








1545120462.jpg)



