Xəbərlər
28.06.2024 - 10:00
ƏLYAZMALAR İNSTİTUTUNDA “26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ” MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

25 iyun 2024-cü il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “26 İyun – Silahlı qüvvələr günü” münasibətilə milli vətənpərvərlik ruhunda tədbir keçirilib.
İnstitutun direktoru, akademik Teymur Kərimli tədbiri açaraq ilk öncə tədbir iştirakçılarını və mötəbər qonaqları bu əlamətdar gün münasibətilə təbrik edib. Alim çıxışında dövlət müstəqilliyini bərpa etdikdən sonra hərbi sahədə ciddi böhranla üzləşən ölkəmizdə peşəkar ordu quruculuğunun əsasının məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qoyulduğunu, onun siyasətinin məntiqi nəticəsi sayəsində ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldığını, silahlı qüvvələrin pərakəndəlikdən xilas olduğunu vurğulayıb. Bildirib ki, ordumuzun əzəli və əbədi torpaqlarımızı işğaldan azad etməsi və Azərbaycan Respublikası ərazisində tam suverenliyin bərpa olunması məhz Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin nəticəsidir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Bəhram Şeydayev giriş nitqi ilə çıxış edərək Silahlı Qüvvələr Gününün milli dövlətçilik bayramı olaraq təkcə hərbçilərin deyil, həm də bütün Azərbaycan xalqının bayramı olduğunu qeyd edib, ölkədə hərbi-sənaye kompleksinin, müdafiə təyinatlı məmulatların istehsalının təkmilləşdirilməsi siyasətinin Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan, Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan, Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət Azərbaycan Milli Ordusu MDB ölkələri çərçivəsində hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.
Tədbirdə həmçinin Milli Müdafiə Universitetinin əməkdaşı, Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Hacı Məmmədovun, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sabiq şöbə müdiri, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin sabiq rəis müavini, ehtiyatda olan polkovnik-leytenant Vüqar Muxtarovun, görkəmli jurnalist, şair-publisist Mədət Məmmədovun, Heydər Əliyev adına Hərbi İnstitutun baş müəllimi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirovun, Bakı şəhəri Xətai rayonu 98 saylı tam orta məktəbin ibtidai hərbi hazırlıq müəllimi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təhsil şöbə müdirinin sabiq rəis müavini, ehtiyatda olan mayor Qabil Məmmədovun və Azərbaycan Respublikası Təhsil İnstitutunun baş müəllimi, vətənpərvər ziyalı Əli İbrahimbəylinin çıxışları dinlənilib, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər ü.f.d., dosent Sənan Həsənovun yekun nitqi ilə tədbir işini başa çatdırıb.
Tədbir çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.e.d., dosent Əzizağa Nəcəfzadə və AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər ü.f.d., dosent Sənan Həsənov vətən uğrunda göstərdikləri əvəzsiz xidmətlərinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Vətən naminə” medalı ilə təltif olunublar. Medalı alimlərimizə Bəhram Şeydayev təqdim edib.
Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.