Xəbərlər
15.07.2024 - 12:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQINDA 2024-CÜ İLİN İLK 6 AYININ YEKUNLARINA DAİR İCLAS KEÇİRİLİB

     12.07.2024-cü ildə AMEA Azad Həmkarlar İttifaqının növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ 2024-cü ilin 6 ayı ərzində Azad Həmkarlar İttifaqının gördüyü işlər barədə olub. AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov iclası açaraq müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 illiyi ilə bağlı fikirlərini bildirmişdir. O, çıxışında bildirmişdir ki, Heydər Əliyevin siyasi təfəkkürünün qüdrəti və miqyası zaman keçdikcə daha dərindən dərk olunmaq zərurəti yaradır. Dahi şəxsiyyət hər iki ziddiyyətli və böyük siyasi təlatümlər zamanında nəinki xalqını fəlakətlərdən, parçalanmadan və katalikizmlərdən xilas edib, hətta onun taleyinə əbədi xoşbəxtliklər bəxş edib. Heydər Əliyevin xilaskar-qurucu, birləşdirici siyasi lider kimi qüdrətli və möhkəm dövlətçiliyin əsaslarını bərqərar etməklə xalqı vahid ideologiyada birləşdirən və qalibiyyət yaşadan siyasi varisliyin uğurlu nümunəsini yaratdığını diqqətə çatdırdı. Bu amilin Heydər Əliyev şəxsiyyətində Ümummilli lider, Ulu Öndər kimi statusunun əbədiliyini təsdiq etdiyini vurğuladı. AMEA Azad Həmkarlar İttifaqının işçiləri bildirdi ki, Azərbaycanın tarixində 55 il əvvəl başlayan bu yol təkcə bu günkü güclü Azərbaycanın taleyini deyil, daha güclü Azərbaycanın mövcudluq strategiyasının minilliklər boyu bələdçisi olacaq və hamımız öz fəaliyyətimizdə Ulu Öndərin zəruri irsini hər zaman önə çəkməliyik.

    Daha sonra Sənan Həsənov və aparat işçiləri 6 ay ərzində gördükləri işlər barədə məlumat verdilər.

     Sədr müavini Şəhla Əmirova aparata daxil olan məktublar əsasında vətəndaşlara verilən maddi yardımlardan və əməkdaşlara verilən  yollayışlardan danışdı. Əməyin Mühafizəsi üzrə mütəxəssis Həsənqulu Qurbanov 6 ay ərzində ilk təşkilatlarda apardığı maarifləndirmə işlərindən, nöqsanların aradan qaldırlmasından danışdı. Baş mühasib Samirə Hacıyeva isə 6 ay ərzində əməkdaşlara verilən maddi yardımlar, Novruz, Ramazan və Qurban Bayramları münasibəti ilə əməkdaşlara çalışdıqları müəssisənin Həmkarlar Təşkilatı tərəfindən paylanılan Bazarstore mağazalar şəbəkəsinə məxsus kartlar və əməkdaşlar üçün təşkil olunmuş gəzintilər barədə informasiya verdi.  

     Bunlardan başqa AMEA Azad Həmkarlar İttifaqının mədəni-ideoloji və humanizm aksiyalarında həmişə fəal iştirak etdiklərini diqqətə çatdırdılar. 6 aylıq fəaliyyət qənaətbəxş hesab olunmuş və qarşıda duran vəzifələr müzakirə edilmişdir.