İclası giriş sözü ilə AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov açıb. O, son dövrlər akademiyada həyata keçirilən yeniliklər, alimlər üçün yaradılan münbit şəraitdən və Akademiya rəhbərliyinin bu sahədə əməli dəstəyindən və eyni zamanda qarşıda duran vəzifələr haqqında danışıb. O, çıxışında onu da bildirib ki, gənclərin öz peşəsinə mükəmməl yiyələnməsi dövlətimiz üçün, dövlətçiliyimiz üçün Cənab Prezidentin qarşıya qoyduğu siyasət üçün çox vacib amildir və Cənab Prezidentin qarşıya qoyduğu yeni reallıqlarla uyğunlaşır. S.Həsənov bildirib ki, 2023-cü ilin yekunlarına görə Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Orxan Fəxrəddin oğlu Ağamirzəyev, Kataliz və qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Ramiz qızı Əzimova, AMEA Arxeologiya və Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Gülanə İlqar qızı Əliyeva AHİK İcraiyyə Komitəsinin müvafiq qərarı ilə təsis edilmiş “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov yuxarıda adları çəkilən əməkdaşlara AHİK-in “İlin peşəkar gənci” nominasıyasının diplomunu, döş nişanını və mükafatını təqdim edib, qaliblərə gələcək həyatlarında uğurlar arzulayıb.