Xəbərlər
20.09.2024 - 09:49
DÖVLƏTİMİZİN GÜCLƏNMƏSİNDƏ UĞURLU NEFT STRATEGİYASININ BÖYÜK ROLU VAR

"Ölkəmizin hərtərəfli inkişafında, dünya miqyasında əldə etdiyi nailiyyətlərdə, habelə regionda lider statusunu qazanmasında və beynəlxalq mövqelərinin yüksəlməsində, təbii ki, iqtisadi amilin rolu böyükdür. Uğurla inkişaf edən Azərbaycan iqtisadiyyatının göstəriciləri ilbəil yüksəlib, dünyada baş verən ağır böhranlara baxmayaraq, davamlı xarakter daşıyıb və xalqımızın rifahına xidmət göstərib. Sözsüz ki, rəqabətədavamlı iqtisadi inkişafın təmin olunmasında dövlətimizin enerji siyasəti böyük pay sahibidir və bu siyasətin müəllifi də məhz Ulu Öndər Heydər Əliyev olub. Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra müəyyənləşdirdiyi neft strategiyası qüdrətli, davamlı iqtisadi inkişafa malik Azərbaycanı hədəfləyirdi. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycan bu sahədə tarixi uğura imza ataraq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" neft yataqlarının və "Günəşli" neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzaladı. Siyasi və qlobal əhəmiyyətinə görə, "Əsrin müqaviləsi" adlanan sazişin imzalanmasında 7 ölkədən dünyanın nüfuzlu 11 neft şirkəti iştirak edib. Azərbaycanın enerji siyasətində tarixi dönüşə səbəb olan bu müqavilə ölkəmizə böyük nüfuz gətirdi, dünyaya inteqrasiyasına, dövlətlərarası münasibətlərin qurulmasına və inkişafına kömək etdi".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov deyib.

"Bildiyimiz kimi, həmin vaxtlar Azərbaycan cəmi 3 il idi müstəqillik qazanmışdı, ölkəmiz üçün təhlükələr hələ tam aradan qalxmamışdı. Həmçinin Xəzər dənizi ilə bağlı ətraf ölkələr arasında iddialar qalmaqda idi. Son dərəcə belə çətin və riskli dönəmdə dünyanın nüfuzlu şirkətlərinin bu müqaviləni imzalaması, Azərbaycanın neft sektoruna  investisiyalar yatırması bilavasitə Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu, onun fəaliyyətinə və müdrik rəhbərliyinə olan dərin inamla bağlı idi. Onlar əmin idilər ki, böyük siyasətçi Heydər Əliyevin imzası dəyişməzdir, Azərbaycan müqavilənin şərtlərinə görə, üzərinə düşən bütün öhdəlikləri vaxtında və layiqincə yerinə yetirəcək. Yeri gəlmişkən, hələ o vaxta qədər postsovet dövlətləri arasında xarici neft şirkətləri ilə belə bir beynəlxalq müqavilə bağlayan olmamışdı, bunu ilk olaraq Azərbaycan etdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, müstəqil Azərbaycanın ilk enerji sazişi olan "Əsrin müqaviləsi" gözləntiləri artıqlaması ilə doğrultdu, ölkəmiz dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik aktora çevrildi. Layihənin effektiv həyata keçirilməsi ölkəmizin maliyyə imkanlarını artırdı, iqtisadiyyatımızı gücləndirdi, iş yerlərinin açılmasına, sahə üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişməsinə şərait yaratdı, eləcə də digər dövlətlərlə ticarət əlaqələrinin qurulmasına və inkişafına təkan verdi", - konfederasiya sədri qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət gördü ki, Azərbaycan dövləti öz təbii sərvətlərinin sahibidir, suveren hüquqlarını qətiyyətlə qoruyur, bunlardan səmərəli, xalqının mənafeyi naminə istifadə edir: "Sonralar ölkəmiz bu istiqamətdə daha uğurlu layihələrə imza atdı, neft hasilatı dəfələrlə yüksəldi. Artıq dünya bazarına nəql üçün yeni marşrutlar üzərində işlənməyə başlanıldı. Çünki Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri artıq artan yükü daşımaq imkanında deyildilər. Odur ki, Azərbaycanın neft strategiyasının banisi Ulu Öndərimiz Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi təşəbbüsü ilə çıxış etdi və 2002-ci ildə kəmərin təməli qoyuldu. Bu gün isə BTC-nin faydalarını saymaqla qurtarmaq olmaz, ümumiyyətlə, regionun inkişafına, ölkələr arasında münasibətlərə təsiri böyükdür. 2017-ci ildə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalandı. Bu, Azərbaycanın neft tarixində növbəti əlamətdar hadisə idi və bununla ölkəmiz enerji siyasətində yeni inkişaf mərhələsinə qədəm qoydu. "Yeni əsrin müqaviləsi"ndə nəzərdə tutulan şərtlər ölkəmiz üçün daha səmərəli idi və perspektivləri çoxdur".

"Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın enerji siyasəti Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi və geoiqtisadi şəraitə uyğunlaşdırılaraq daha da inkişaf etdirilib, imkanları dəfələrlə genişləndirilib. Zəngin karbohidrogen ehtiyatlarına və inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malik olan ölkəmiz bu gün regionun enerji mərkəzinə çevrilib, dünyada baş verən mürəkkəb proseslər fonunda bu sahədə yaşanan böhranda xilaskar missiyasını yerinə yetirir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn layihələr Avropaya işıq saçır, qoca qitənin enerji təminatına əhəmiyyətli dərəcədə töhfələr verir. Bu gün Azərbaycan həm də müasir dövrün reallıqlarından və özünün potensialından çıxış edərək "yaşıl enerji"yə sürətli keçid edir, hətta bu istiqamətdə lider ölkələr sırasındadır. Əminik ki, günü-gündən inkişaf edən, dünyada böyük söz sahibi olan Azərbaycan yaxın gələcəkdə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün hədəflərinə çatacaq", - AHİK sədri Sahib Məmmədov vurğulayıb.