Noyabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 noyabr Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, 8 noyabr Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir gündür. “Bu Qələbəni, bu Zəfəri bizə yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, rəşadətli Azərbaycan ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə və qazilərimizə minnətdarıq”. Baş direktor çıxışında ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən siyasi hadisələr, torpaqlarımızın işğalı, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanda dövlət quruculuğunun inkişafı, Möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət, ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin beynəlxalq nüfuzunun artması haqqında ətraflı danışıb. 44 günlük Vətən Müharibəsi haqqında danışan baş direktor bu müharibədə Azərbaycan oğullarının göstərdiyi igidlik və qəhrəmanlıqlardan söz açıb. Professor Qurban Yetirmişli “Bu müharibə bizim xalqımızın qəhrəman bir xalq olduğunu və öz Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşdiyini bütün dünyaya göstərdi. Qəhrəman Azərbaycan oğulları sıldırım qayalardan, keçilməz yollardan keçərək torpaqlarımızı düşmən tapdağından azad etdilər. Bu qələbə Azərbaycan xalqının tarixinə yazılan qızıl səhifədir”- deyib. Professor Qurban Yetirmişli çıxışı zamanı həmçinin 2023-cü ilin 19 sentyabrında keçirilən 23 saatlıq antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu qeyd edərək, bu gün Qarabağda aparılan abadlıq və quruculuq işləri, Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, eləcə də “Böyük Qayıdış” çərçivəsində insanlarımızın öz doğma yurd-yuvalarına köçürülməsi istiqamətində görülən işlər haqqında da fikirlərini açıqlayıb. “Gün gələcək biz Qərbi Azərbaycandakı tarixi torpaqlarımıza da qayıdacağıq”- deyən baş direktor torpaqlarımızın azadlığı uğurunda canlarından keçən şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə isə can sağlığı arzuladığını bildirib. Tədbir RSXM-nin Elektron Xidmətlər şöbəsi tərəfindən hazırlanmış video çarxın nümayiş etdirilməsi ilə başa çatıb.