Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib. AHİK-in “Abşeron” sanatoriyasında təşkil olunan bayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər. Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, “Dəmir yumruq” əməliyyatında qəhrəman Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə işğala son qoydu, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Qeyd olunub ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onun sözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiri Ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütün ölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edildi. Hazırda Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən də danışan Konfederasiya sədri bütün bunları Azərbaycan yalnız öz maddi imkanları hesabına həyata keçirdiyini deyib. O həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri, o cümlədən dini irsimizin, mədəniyyət abidələrimizin bərpası istiqamətində atılan addımları qeyd edib və əlavə edib ki, bu nəcib missiya Mehriban xanım Əliyevanın Vətənə olan sonsuz sevgisinin təzahürüdür. Birinci Qarabağ müharibəsinin iştirakçısı, AHİK-in baş mütəxəssisi Aqşin Əliyev bildirib ki, 2003-cü ildə keçirilən prezident seçkilərində səsini cənab İlham Əliyevə verən xalq seçimində yanılmayacağını bilirdi, müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri məhz layiqli varisinin yerinə yetirəcəyinə əmin idi. Vurğulayıb ki, dövlətimizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində gündən-günə güclənən Azərbaycan Ordusu, mərd əsgər və zabitlərimiz əsil qəhrəmanlıq dastanı yazdılar. 2023-cü ildə isə Ağdərə, Xocalı, Xankəndidə bayrağımızın ucaldılması Qarabağ salnaməsinin zirvə nöqtəsi oldu. Sonra çıxış edən AHİK-in şöbə müdirinin müavini, Vətən müharibəsinin iştirakçısı, zabit Ruslan Bağırov qeyd edib ki, Azərbaycan möhtəşəm Zəfəri ilə təkcə döyüş meydanında deyil, həm də beynəlxalq diplomatiyada da öz sözünü deməyi bacardı. Bildirib ki, dövlətimizin başçısı məşhur telekanallara, xəbər agentliklərinə verdiyi müsahibələrində Azərbaycanın ədalətli mövqeyini ortaya qoydu. Çıxışlardan sonra Bakı Media Mərkəzinin hazırladığı “Zəfər Meydanı” filmi nümayiş etdirilib. Tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Gülüstan Əliyeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım-Nicat və Azərbaycan Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti Mirələm Mirələmovun ifasında vətənpərvər ruhda mahnılar səsləndirilib. Bədii qiraət ustası, professor Ağalar Bayramov isə qələbə ruhlu şeirlər oxuyub.