Azərbaycan Milli Elmlər Akademiyasında Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqınin sədri Sənan Həsənov, sədr müavini Şəhla Əmirova, AMEA Rəyasət Heyəti Aparatının Mülki müdafiə şöbəsinin əməkdaşları, institut və təşkilatların Mülki müdafiə qərargah rəisləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Mülki müdafiə şöbəsinin rəisi Nizami Vəliyev bildirdi ki, son illər AMEA-da bütün sahələr üzrə yenilənmə və müasir çağırışlara cavab vermək istiqamətində fəal işlər aparılır. AMEA prezidenti akademik İsa Həbibbəylinin bu istiqamətdə əsas prinsip və tələblərindən biri də əməkdaşların əməyinin dəyərləndirilməsi, stimullaşdırılması və qayğı ilə əhatə olunmalarıdır. Bugün qeyd edilən və 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir də bu qəbildəndir. Qeyd olunmalıdır ki, AMEA-da çalışan MM qərargah rəislərinin əksəriyyəti yüksək rütbəli, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak edən, işlərini peşəkarcasına icra edən zabitlərdir. AMEA-nın bütün institut və təşkilatlarında Mülki müdafiə qərargahları fəaliyyət göstərir. Son dövrlər mülki müdafiə işində də hiss olunacaq dərəcədə yenilənmələr həyata keçirilir. AMEA rəhbərliyi akademiyadakı mülki müdafiənin günün tələbləri səəviyyəsində icra olunması üçün lazımi dəstəyini əsirgəmir. Bu işdə AMEA Azad Həmkarlar İttifaqının, xüsusən də sədr siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Mülki müdafiə şöbəsi ilə fəal əməkdaşlıq edir, institut və təşkilatlarda fəaliyyət göstərən Mülki müdafiə qərargah rəislərinə hər zaman qayğı ilə yanaşır. Bu tədbir də AMEA Azad Həmkarlar İttifaqının birbaşa iştirakı, təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlib. Bu xoş münasiəbətə görə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənova, sədr müavini Şəhla Əmirovaya Mülki müdafiə şöbəsinin əməkdaşları və ümumən bütün Mülki müdafiə qərargahı rəisləri adından təşəkkürümüzü bildiririk. Sonra çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov bildirdi ki, akademik İsa Həbibəylinin yeni çağırışlarına uyğun olaraq Həmkarlar İttifaqı da öz işini daha ciddi şəkildə qurur. Həmkarlar İttifaqı bütün təkliflərə açıqdır. Ümumi işimizin faydalılığı istiqamətində atılan bütün addımlar şəkildə dəyərləndirilir. Belə ki, institut və təşkilatlarda fəaliyyət göstərən bütün Mülki müdafiə qərargah rəisləri yerli Həmkarlar Təşkilatlarının büro üzvlüyünə qəbul olunublar. Mülki müdafiə şöbəsinin rəisi Nizami Vəliyev AMEA AHİ-nın büro üzvü seçilib. Bugün keçirilən tədbirdə isə bütün MM qərargah rəisləri AHİ tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif olunacaqlar. Mülki müdafiə işində, strukturunda olan müvafiq fəaliyyətləri AHİ dəstəkləməyə hazırdır. Mülki müdafiə sahəsində çalışan bütün əməkdaşları bir daha qarşıdan gələn 1 mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təbrik edir, işlərində uğurlar arzulayıram. Sonra Mülki müdafiə qərargah rəislərinə AMEA AHİ-nın Fəxri Fərmanları təqdim olundu, xatirə şəkli çəkildi. Tədbirdə iştirak edən Mülki müdafiə qərargahı rəisləri təltiflərə və bu xoş münasibətə görə AMEA prezidenti akademik İsa Həbibbəyliyə, Mülki müdafiə şöbəsinə və AMEA AHİ-nin kollektivinə öz təşəkkürlərini bildirdilər.