
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 1 Mart - Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Mülki müdafiə tədbirlərinin hər il ölkəmizdə keçirildiyini qeyd edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev mərkəzdə mülki müdafiə tədbirləri sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov öz çıxışında mülki müdafiə təlimlərinin keçirilməsinin zərurətindən və əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi sayəsində daha effektiv nəticələr əldə etmək olar. AMEA nəzdində RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev təbii fəlakətlərin baş verməsindən sonra zəruri mülki müdafiə tədbirlərinin görülməsi haqqında danışıb. Şöbə müdiri çıxışında zəlzələlərdən sonra həyata keçirilən mülki müdafiə tədbirlərinə toxunarkən 2023-cü ilin fevralın altısında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra orada yerli və xarici mütəxəssislər tərəfindən aparılan axtarış xilasetmə işləri haqqında da danışıb. RSXM-nin rəhbərliyinin təşəbbüsü ilə mərkəz əməkdaşları tərəfindən orta məktəblərdə, şirkətlərdə və digər müəssisələrdə zəlzələ zamanı davranış qaydaları sahəsində maarifləndirmə işlərinin aparıldığını qeyd edən Etibar Qaravəliyev bu istiqamətdə tədbirlərin davam etdirildiyini bildirib. Mərkəzin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov isə öz çıxışında mülki müdafiə sahəsində xarici ölkələrin təcrübəsindən danışıb. Qeyd edək ki, tədbirdə AMEA nəzdində Respublika Seysdmoloji Xidmət Mərkəzinin Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev Mülki Müdafiə sahəsindəki aktiv fəaliyyətinə görə AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri Fərmanı” ilə təltif edilib. “Fəxri Fərman”ı A.Rzayevə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli təqdim edib. Baş direktor RSXM-də Mülki müdafiə sahəsində təlimlərin mütəmadi olaraq keçirildiyini bildirərək, zəlzələlərlə bağlı maarifləndirmə tədbirlərinin də davamlı olaraq keçirildiyini deyib. Tədbirdə təbii fəlakətlərlə bağlı aparılan maarifləndirmə işlərinə dair bir sıra təkliflər də irəli sürülüb.