Xəbərlər
07.03.2025 - 14:51
RSXM-DƏ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzdə çalışan qadın əməkdaşları bayram münasibəti ilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Bu gün Azərbaycanda bütün sahələrdə qadınların aktiv olduğunu bildirən baş direktor müsəlman Şərqində ilk dəfə olaraq seçki hüququnun da məhz Azərbaycan qadınlarına verildiyini xatırladıb.

Qadınların cəmiyyətin inkişafında və gələcək nəsillərin formalaşmasında böyük rol oynadıqlarnı qeyd edən professor Qurban Yetirmişli 44 günlük Vətən müharibəsində şəhid olan vətən övladlarının analarını təbrik edib. “Məhz o anaların öz övladlarına verdiyi tərbiyə, vətənpərvərlik ruhunu aşılamasının nəticəsində Azərbaycan oğulları müharibədə Ali Baş Komandanımızın rəhbərliyi altında misilsiz qəhrəmanlıqlar göstərdilər. Torpaqlarımız işğaldan azad edildi. Ona görə də bu gün şəhid analarına xüsusi minnətdarıq və onların bayramlarını da təbrik edirik”.   

Çıxışında Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında danışarkən professor Qurban Yetirmişli Mehriban xanım Əliyevanın ölkəmizin mədəniyyət, təhsil və səhiyyə sahəsindəki müstəsna xidmətlərindən danışıb. Azərbaycanın maddi və mənəvi sərvətlərinin dünyaya tanıdılmasında Mehriban xanım Əliyevanın böyük əməyinin olduğunu deyib. Baş direktor bu gün Qarabağda bir çox tarixi abidələrimizin, məscidlərimizin Mehriban xanım Əliyevanın rəhbərliyi ilə abadlaşdırıldığını qeyd edərək onun fəaliyyətinin Azərbaycan qadınlarına örnək olduğunu deyib.  

Professor Qurban Yetirmişli bu gün ölkəmizdə qadınların elm və təhsil sahəsində özlərini təkmilləşdirməsi üçün bütün imkanların olduğunu bildirib.

Tədbirdə RSXM-nin bir qrup qadın əməkdaşı 8 Mart -Beynəlxalq Qadınlar Günü və AMEA nəzdində RSXM-nin elmi-təşkilati fəaliyyətindəki aktiv fəaliyyətlərinə görə “Fəxri Fərman” və hədiyyələrlə təltif ediliblər. Həmçinin RSXM-nin digər xanım əməkdaşlarına da bayram münasibəti ilə hədiyyələr təqdim olunub.