Martın 18-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Novruz bayramı və müsəlman dünyasının müqəddəs aylarından olan Ramazan bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəz əməkdaşlarını qarşıdan gələn hər iki bayram münasibəti ilə təbrik edib. Baş direktor Qurban Yetirmişli Novruz bayramının Azərbaycan xalqının ən gözəl bayramlarından biri olduğunu, bu bayramın özündə bir sıra milli-mənəvi dəyərlərimizi daşıdığını və nəsildən-nəsilə ötürüldüyünü qeyd edib. Həmçinin Ramazan bayramının da müsəlman aləmi üçün müqəddəs bayram olduğunu deyən professor Qurban Yetirmişli hər il ölkəmizdə bu bayramın da dövlət səviyyəsində qeyd edildiyini bildirib. Artıq bayramların bütün ərazilərimizdə keçirildiyini bildirən baş direktor torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan xalqının hər bir nümayəndəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Azərbaycan ordusuna, əsgər və zabitlərimizə, şəhidlərimizə və qazilərimizə minnətdar olduğumuzu deyib. “Bu gün Azərbaycanın hər yerində Azərbaycan bayrağı dalğalanır. Şuşada, Xankəndidə, Xocalıda, Laçında və digər şəhər və rayonlarımızda, kəndlərimizdə Novruz tonqalları alovlandırılır. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur”- deyən baş direktor Qarabağda aparılan quruculuq-abadlıq işləri haqqında da danışıb. Professor Qurban Yetirmişli sonda bütün Azərbaycan xalqını təbrik edərək, Novruz bayramının xalqımıza firavanlıq və xoş günlər gətirməsini arzu edib.


1545120462.jpg)



