
AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin geniş tərkibli iclası keçirilib. İclasda AMEA AHİ-nin Rəyasət Heyətinin üzvləri, AMEA Mülki Müdafiə Qərargahının rəisi Nizami Vəliyev, həmkarlar təşkilatlarının sədrləri və əməyin mühafizəsi üzrə məsul şəxslər iştirak ediblər. İclası giriş sözü ilə açan AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi. Sənan Həsənov bildirdi ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamı Elmlər Akademiyasına verilən yüksək qiymətin daha bir bariz nümunəsidir. Sərəncamda akademiya ilə bağlı qeyd edilən fikirlər onu göstərir ki, akademiyada son illər həyata keçirilən dəyişikliklər, yeni iş prinsiplərinin işlənib hazırlanması və tətbiqi özünü doğruldur. Elmlər Akademiyası hər zaman ölkənin əsas elm məbədi olmaqla bərabər, dövlətin ideoloji işini də daim dəstəkləmişdir. Son illər Akademiya rəhbərliyinin uğurlu və davamlı islahatları qarşıya yeni vəzifələr qoyub. Ulu Öndər Heydər Əliyevin irsinə dair elmi məktəb məhz akademiyada formalaşıb. Fundamental elmi yanaşmalara əsaslanan kitablar Elmlər Akademiyasının əməkdaşları tərəfindən qələmə alınmışdır. Bu əsərlər hal-hazırda Heydər Əliyev irsinin dərindən öyrənilməsində başlıca elmi mənbələr sayılır. Akademiyanın elmi və ideoloji sahədəki fəaliyyətləri cəmiyyətdə, Azərbaycan dövlətinin strateji hədəflərini, inkişaf konsepsiyasının əsaslarını dərindən dərk etmək üçün yollar açıb. Odur ki, akademiyanın fəaliyyəti ilə bağlı müsbət yanaşma Cənab Prezidentin məlum Sərəncamında və bütövlükdə ictimai fikirdə yer alması hamımızda qürur hissi yaradır. Məsuliyyətimizi artırır. Düşünürəm ki, akademiya əməkdaşları da AMEA ilə bağlı fikir və düşüncələrinin, nailiyyətlərimizin yer aldığı yazılarla mətbuatda daha da aktiv çıxış etməlidirlər. Əməli fəaliyyətləri ilə etimadı doğrultmalıdırlar. Cənab Prezident İlham Əliyevin bu Sərəncamı AMEA Azad Həmkarlar İttifaqı qarşısında məsuliyyət qoymaqla bərabər, yeni imkanlar da yaradıb. Düzdür, Həmkarlar İttifaqının 2025-ci il üçün tədbirlər planı işlənib hazırlanıb. Bu plana uyğun olaraq bir sıra işlər də artıq icra edilib. Lakin bu Sərəncam həm də yeni çağırış deməkdir. Bu baxımdan, biz AHİ olaraq Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlərdə fəal iştirak etməklə bərabər, bu işə öz töhfəmizi də verməliyik. Bunlarla yanaşı AHİK- də də bilirsiniz ki, yeni islahatlar həyata keçirilir. Uğurlu addımlar atılıb və bu sahədə AHİK rəhbərliyi yeni çağırışlarla üzvlərimizin məmnunluğuna dair böyük konsepsiyanı əhatə edən yeniləşmələr həyata keçirir. Biz də hər birimiz bu işlərə dəstək olmalıyıq. Elmlər Akademiyasında da əməkdaşların iş şəraitinin, onlara olan qayğı və diqqətin, əmək hüquqlarının və sosial müdafiələrinin diqqətdə saxlanılması da bu uğurların tərkib hissəsidir. Bununla əlaqədar AMEA-ya daxil olan bütün institut və təşkilatlarda əməyin mühafizəsi üzrə əlavə ştat vahidləri yaradılmış və bu işin icrası məsul şəxslərə həvalə olunmuşdur. Əməyin təhlükəsizliyi ilə bağlı qısa müddətdə görülən müsbət işlərlə bərabər, bu sahədə daha da fəal çalışmaq lazımdır. Bu istiqamətdə AHİ-nin üzərinə də ciddi öhdəliklər düşür. Daha sonra AMEA AHİ-nin əməyin texniki müfəttişi Həsənqulu Qurbanov, AMEA Rəyasət Heyətinin Həmkarlar Təşkilatının sədri Aynur Mahmud, Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Babayev Faiq, Fəlsəfə və Sosiologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Camalov Qabil iclas iştirakçılarına Həmkarlar İttifaqında aparılan islahatlar, görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Sonda iclas iştirakçıları səsləndirilən fikirlər ətrafında çıxış edərək öz fikir və təkliflərini bildirdilər.