Aprelin 28-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində iclas keçirilib. İclasda Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 28 aprel tarixinin mühüm olduğunu, bu gün Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü olduğunu bildirib. Akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilib. Akademik Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, bir ana, həkim, alim və ictimai xadim olaraq Azərbaycan qadınını ləyaqətlə təmsil etdiyini deyən professor Qurban Yetirmişli qeyd edib ki, akademik Zərifə Əliyeva öz adı ilə tibb elminə, Azərbaycan ziyalılıq ənənəsinə və humanist dəyərlərə əbədi möhür vurub. İclasda həmçinin 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü də qeyd olunub. İclasda çıxış edən AMEA nəzdində RSXM-nin Həmkarlar Təşkilatının sədri, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev bildirib ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildən dünyada 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir. Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır. Daha sonra iclasda RSXM-nin Mühafizə şöbəsinin müdiri, I Qarabağ müharibəsi veteranı Bayram Tahirovun 75 illiyi qeyd olunub. Bayram Tahirovun uzun müddətdir RSXM-də çalışdığını, hər zaman müəssisədaxili intizam qaydalarına əməl etdiyini, kollektiv arasında böyük hörmət qazandığını qeyd edən professor Qurban Yetirmişli yubilyarın hazırda da mərkəzdə fəaliyyətini davam etdirdiyini nəzərə çatdırıb. Baş direktor Bayram Tahirovu 75 illik yubileyi münasibəti ilə təbrik edərək, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edib. Yubilyar mərkəz rəhbərliyi tərəfindən “Fəxri Fərman”la təltif olunub. Daha sonra gündəlik məsələlər üzrə iclas davam edib.





1545120462.jpg)



