Xəbərlər
19.05.2025 - 20:00
AMEA AHİ-NİN SƏDRİ AMEA-NIN ƏDƏBIYYAT İNSTİTUTU İLƏ RUMINİYANIN BEYNƏLXALQ MİHAY EMİNESKU AKADEMİYASI ARASINDA İMZALANMIŞ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİNƏ DAİR KEÇİRİLƏN TƏDBİRDƏ VƏ ZİYAFƏT MƏCLİSİNDƏ İŞTİRAK ETMİŞDİR.

Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli rumın şairi, Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidenti professor İon Deakonesku ilə görüş keçirilib.

Görüşdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, Ədəbiyyat İnstitutunun əməkdaşları və gənc elmi işçilər iştirak ediblər.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bugünkü görüşlə müstəqillik illərində AMEA-da ilk dəfə Rumıniya ilə elmi, ədəbi əlaqələrin qurulması istiqamətində addımın atıldığını söyləyib.

Həmçinin Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soareyə də Beynəlxalq Mihay Eminesku Akademiyasının qızıl medalını və “Mədəniyyət səfiri” diplomunu Akademiyanın direktoru İsa Həbibbəyliyə təqdim edib.

Daha sonra Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxış edərək ölkələrimiz arasında diplomatik münasibətlərdən danışıb, elmi, mədəni əlaqələrin daha geniş vüsət alması üçün bu cür tədbirin təşkilatçılarına təşəkkür edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, professor Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktoru Aytən Rüstəmova və AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu isə çıxışlarında qurumlar arasında imzalanacaq müqavilənin əməkdaşlıq sahəsində daha səmərəli işlərin görülməsinə töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Rumıniyanın Beynəlxalq Mihay Eminesku Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor İon Deakonesku imzalayıblar.

Sonda xatirə şəkilləri çəkdirilib. Qonaqlara AMEA AHİ-nin dəstəyi ilə ziyafət məclisi təşkil olunub.