15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqı və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının birgə təşkilatçılığı ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarının ziyarəti təşkil olunub. Ziyarətdə AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkilatının sədri, f.ü.f.d., dosent Şölət Zeynalov, həmçinin AMEA Azad Həmkarlar İttifaqının əməyin texniki müfəttişi Həsənqulu Qurbanov iştirak ediblər. Ziyarət zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra akademik Zərifə Əliyevanın məzarı ziyarət olunaraq, görkəmli alimin xatirəsi anılıb və məzarı önünə gül dəstələri qoyulub. Ziyarətdən sonra 15 İyun – Milli Qurtuluş Günü münasibətilə AMEA Azad Həmkarlar İttifaqı tərəfindən dəyirmi masa təşkil edilib. Tədbirdə çıxış edən AHİ sədri Sənan Həsənov Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətini vurğulayıb. O bildirib ki, məhz bu dönüş nöqtəsi Azərbaycanda sabitliyin, inkişafın və milli həmrəyliyin əsasını qoydu. Tədbir iştirakçıları da çıxış edərək 15 İyun tarixinin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından müstəsna rol oynadığını qeyd edib, bu günün xalqımız üçün qurtuluş və dirçəlişin rəmzi olduğunu vurğulayıblar.








1545120462.jpg)



