Xəbərlər
18.07.2025 - 15:00
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ ÜZV TƏŞKİLATI OLAN AMEA AZAD HƏMKARLAR İTTİFAQININ TƏŞKİLATÇILIĞI İLƏ MİLLİ MƏTBUATIMIZIN 150 İLLİYİNƏ HƏSR OLUNMUŞ ÜMUMAKADEMİYA TƏDBİRİ KEÇİRİLİB.

   Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, Yasamal rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Akademiyanın bütün elm müəssisə və təşkilatlarının mətbuat və ictimaiyətlə əlaqələr şöbələrinin rəhbərləri və işçi heyəti, həmçinin AMEA-nın mətbuat tarixi şöbəsinin əməkdaşları qatılmışlar.

   Tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyev və milli mətbuatın banisi Həsən bəy Zərdabinin büstləri önünə gül dəstələri düzüb onların xatirələrini ehtiramla yad ediblər.

   Giriş nitqi ilə akademik İsa Həbibbəyli milli mətbuatın keçdiyi şərəfli yoldan, onun inkişaf və vəzifələrindən geniş danışmış, AMEA-da bu sahədə çalışan əməkdaşların fəaliyyətlərini və qarşıda duran vəzifələri şərh etmişdir. Ulu öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasında demokratik mətbuata yaradılan şəraiti diqqətə çatdırmış, qazanılmış nailiyyətləri yüksək qiymətləndirmişdir.

   AMEA AHİ-nin sədri s.e.ü.f.d, dosent Sənan Həsənov çıxış edərək AMEA-da mətbuat sahəsində çalışan həmkarlarımızın fəaliyyətində mətbuatın elmi əsaslarının cəmiyyətimizə dolğun şəkildə təqdim edilməsini müsbət qiymətləndirmişdir. Kollektivdə mətbuat işçilərinin peşə fəaliyyətlərini obyektiv informasiyalara əsaslanaraq yerinə yetirmələri, həm də normal iş şəraitinin, həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Daha sonra çıxış edən natiqlər demokratik mətbuata müstəqillik illərində yaradılan şəraitdən söz açmış, bu sahədə şəffaflığın, sabitliyin uğurlu islahatların həyata keçirilməsində jurnalist məsuliyyətinin mühüm rolundan danışmışlar. Sonda AMEA AHİ tərəfindən Akademiyanın mətbuat işçiləri Fəxri Fərmanla təltif olunmuş, tədbirin rəsmi hissəsindən sonra akademiya əməkdaşları üçün AHİ tərəfindən çay süfrəsi təşkil edilmişdir. Sənan Həsənov AMEA əməkdaşları üçün son vaxtlar bir çox elmi və sosial xidmətlərin əlçatanlığına dəstək verdikləri üçün AMEA və AHİK rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Sonda xatirə şəkli ilə tədbir başa çatmışdır.