Xəbərlər
28.04.2023 - 17:00
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ KEÇİRİLİB

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Spartakiadanın oyunları çərçivəsində şahmat turniri keçirilib.

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda baş tutan turnirdə AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova, Azərbaycan Respublikası Şahmat Federasiyasının icraçı direktoru, beynəlxalq dərəcəli hakim Namiq İsmayılov, AMEA AHİ Rəyasət Heyətinin üzvi, Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak edib.

Turniri giriş sözü ilə Sitarə Bağırova açaraq Ulu Öndərin xatirəsinə həsr olunmuş muzeyin ilk qonaqlarının Spartakiadanın şahmat yarışının iştirakçıları olduğunu qeyd edib. Yarış iştirakçılarına uğurlar arzulayan S.Bağırova bildirib ki, oyunları beynəlxalq dərəcəli hakim Namiq İsmayılov idarə edəcək, yarışlarda 12 nəfər kişi, 6 nəfər qadın iştirak edəcək.

Sonra N.İsmayılov çıxış edərək oyunun qaydaları haqqında iştirakçılara məlumat verib.

Tədbirdə çıxış edən Şəhla Əmirova bildirib ki, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 100 illiyi ilə əlaqədar respublikada, o cümlədən Akademiyada yüksək səviyyəli tədbirlər keçirilir. O, daha sonra hər bir iştirakçıya yarışda uğurlar arzu edib.

Yarış iştirakçıları arasında N.İsmayılovun rəhbərliyi ilə püşkatma mərasimi keçirilib, iki qrup yaradılıb. Hər qrupda 6 iştirakçı təmsil olunub.

Geofizika, İqtisadiyyat, Şamaxı Astrofizika Rəsədxanası, Genetik Ehtiyatlar, Neft Kimya Prosesləri institutlarının və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları iştirak ediblər. İki qrup arasında keçirilən yarışlarda hər bir iştirakçı 5 oyun keçirib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadanın oyunları çərçivəsində keçirilmiş şahmat turnirində qadın və kişilər arasında mükafatçılar məlum olub. Oyunların nəticələrinə əsasən, kişilər arasında Tanrıverdi Paşa (İqtisadiyyat İnstitutu) I yer, Yusif Abdullayev (Fizika İnstitutu) II yer, Emin Qurbanov (Şamaxı Astrofizika Rəsədxanası) III yerə layiq görülüblər.

Qadınlar arasında keçirilən şahmat yarışlarında Neft Kimya Prosesləri, Geologiya və Geofizika, İnformasiya Texnologiyaları və Dendrologiya institutlarının əməkdaşları iştirak ediblər. Hər bir iştirakçı 5 oyun keçirib. Oyunların nəticələrinə əsasən, Ziyarət Paşayeva (Neft Kimya Prosesləri İnstitutu) I, Gülcamal İsayeva (Geologiya və Geofizika İnstitutu) II, Nərgiz Abdullayeva (İnformasiya Texnologiyaları İnstitutu) isə III olub.

Daha sonra stolüstü tennis yarışlarına start verilib.