Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2024-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında keçirilən tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Əzimov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, AHİK-ə üzv təşkilatların sədrləri, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, AMEA AHİ –nin əməyin texniki müfəttişi Həsənqulu Qurbanov, müsabiqədə qalib olmuş Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, Həmkarlar Təşkilatının sədri Etibar Qaravəliyevdə iştirak ediblər. Əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin, eyni zamanda istehsalat qəzalarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 2009-cu ildən başlayaraq keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır. Onun sözlərinə görə, Azərbaycanda BƏT-nin 59 Konvensiyası ratifikasiya olunub və konvensiyaların tələbləri Əmək, Mülki, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrində öz əksini tapıb: “AHİK-in təklifi ilə BƏT-nin 155 saylı “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” Konvensiyasının ratifikasiyası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanun layihəsi hazırlanıb müvafiq qurumlara təqdim olunub. Ötən il fevralın 1-də Prezident İlham Əliyev konvensiyanın təsdiq edilməsi barədə Qanunu imzalayıb. Bundan əlavə, “Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya”da “Əmək təhlükəsizliyinin və gigiyenasının təşviq edilməsinin əsasları haqqında” konvensiya müzakirə edilib və tərəfimizdən ratifikasiya imkanlarının araşdırılması üçün işçi qrupun yaradılması irəli sürülüb. Artıq bu istiqamətdə iş davam etdirilir”. Həmçinin Səttar Möhbalıyev qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə həmkarlar ittifaqları üçün də aktualdır, odur ki, bu ilin avqust və sentyabr aylarında Bakıda BƏT-lə AHİK-in tədbirləri nəzərdə tutulub. Bu müsabiqədə iştirak etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat, sex və sahədən 291-inin sənədi daxil olub. Onlardan 67-si İcraiyyə Komitəsinin qərarı ilə qalib elan olunub”. Çıxışının sonunda Səttar Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları və şəxsən öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib. Sonda müsabiqənin qalibi olmuş AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndəsi, Həmkarlar Təşkilatının sədri Etibar Qaravəliyeva diplom və hədiyyə təqdim olunub.